Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən cüdo üzrə U-18 yeniyetmələr arasında ölkə birinciliyinə oktyabrın 12-də qızlar və oğlanlar arasında komanda yarışları ilə yekun vurulub.
Çempionatın son günündə təşkil edilən yarışda qızlar arasında 7, oğlanlar arasında 11 komanda qalib adı uğrunda mübarizə aparıb. “Judo Club 2012” klubunun qızlar və oğlanlardan ibarət komandaları yarışda uğurla çıxış edərək birinciliyin qalibi olublar. Belə ki, klubun qızlardan ibarət komandası həlledici görüşdə “Neftçi” İdman klubuna 3:2 hesabı ilə qalib gələrək kuboka və qızıl medallara layiq görülüb.
“Judo Club 2012”nin oğlanlardan ibarət komandası isə finalda 13 saylı İOEUGİM üzərində inamlı qələbə qazanaraq (3:0) çempion tituluna sahib olub.
Xatırladaq ki, ölkə birinciliyinin ilk üç günündə fərdi yarışlarda 3 qızıl, 4 gümüş və 2 bürünc medal qazanan klub ümumi medal sıralamasında ikinci yeri tutmuşdu.