Noyabrın 21-22-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə açıq Bakı çempionatı keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 27 klubu təmsil edən 235 (201 kişi, 34 qadın) idmançı mübarizə aparıb.
Çempionatda geniş tərkibdə çıxış edən “Judo Club 2012”nin təmsilçiləri 2 qızıl, 3 gümüş və 6 bürünc medal qazanıblar. Klubun yetirmələrindən Hüseyn Məmmədov (+100 kq) və Aidə Baxışova (-70 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nihat Ələsgərli (-66 kq), Diana Şoranova (-63 kq) və Nərgiz İbrahimova (-70 kq) isə yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıblar. Klubun aktivinə bürünc medalları isə Fərid Qəzənfərov (-66 kq), İsa Əliyev (-66 kq), Əbdülcəlal Hüseynov (-81 kq), Abdulla Abdullayev (-81 kq), Əbülfsət Əliyev (-100 kq) və Günel Quliyeva (-70 kq) qazandırıblar.
Beləliklə, açıq Bakı çempionatını 11 medalla başa vuran “Judo Club 2012”nin təmsilçiləri komanda hesabında birinci yeri tutublar.
Qaliblər Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları ilə təltif olunublar.
Yarış haqqında ətraflı məlumatı ippon.az saytından əldə edə bilərsiniz.