Fevralın 16-18-də İsrailin Təl-Əviv şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri keçirilib. Yarışda dünyanın 52 ölkəsindən 398 (224 kişi, 174 qadın) cüdoçu mübarizə aparıb. Azərbaycan milli komandası nüfuzlu turnirdə 7 çəki dərəsində 10 cüdoçu ilə təmsil olunub. Komandamız yarışı 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vuraraq medal qazanan ölkələr sırasında beşinci yerdə qərarlaşıb.
Təl-Əvivdə millimizə qızıl medalı “Judo Club 2012”nin üzvü Zelim Kotsoyev qazandırıb. Dünya və Avropa çempionatının bürünc mükafatçısı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz Braziliya, Rumıniya və İtaliyadan olan rəqiblərinə qalib gələrək finala vəsiqə əldə edib. Həlledici görüşdə niderlandlı Mixael Korrelə də qalib gələn Zelim nüfuzlu yarışın qalibi olub. Beləliklə, Z.Kotsoyev iki həftə əvvəl Parisdə təşkil olunan “Böyük dəbilqə” turnirində qazandığı bürünc medalı qızılla əvəzləyib.
Qeyd edək ki, Azərbaycan komandasına Təl-Əvivdə gümüş medalları Orxan Səfərov (-66 kq) və Uşangi Kokauri (+100 kq), bürünc medalı isə Məmmədəli Mehdiyev (-90 kq) qazandırıb.