“Judo Club 2012”nin üzvü Zelim Kotsoyev “Şöhrət” ordeni ilə təltif edildi

10.jpg

 

     Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, dörd nəfər “Şöhrət” ordeni, bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, iki nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, üç nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, yeddi nəfər 3-cü dərəcəli “Əmək” ordeni, iki nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.
İdmançılar və onların məşqçiləri bu mükafatlara XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə layiq görülüblər.
“Şöhrət” ordeni ilə təltif edilənlər arasında Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışlarında qızıl medal qazanan Hidayət Heydərov və “Judo Club 2012”nin üzvü Zelim Kotsoyev də var. Olimpiya çempionumuz Zelim kotsoyevin şəxsi məqşçisi, dünya və Avropa çempionu Elxan Məmmədov və cüdo üzrə milli komandamızın məşqçisi Riçard Trautman da “Şöhrət ordeni ilə təltif edilib. Bir müddət “Judo Club 2012”nin cüdo bölməsi üzrə baş məşqçi vəzifəsində çalışan Hidayət Heydərovun şəxsi məşqçisi Tərlan Həsənov isə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 

Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərov 
Azərbaycan idmanı naminə idmançıların və məşqçilərin fəaliyyətinə verilən növbəti yüksək qiymətə layiq görülməsi münasibətilə təbrik edib. 
Qeyd edib ki, məhz möhtərəm Prezident cənab İlham Əliyevin əvəzsiz qayğısı və diqqəti Azərbaycan idmançılarını mötəbər beynəlxalq yarışlarda qələbə qazanaraq dövlət bayrağımızı yüksəltməyə, himnimizi səsləndirməyə ruhlandırır. Belə diqqət və qayğı Azərbaycan Cüdo Federasiyasının da öz işini yüksək səviyyədə qurmasına, ölkəmizdə idmanın bu populyar növünün inkişafına öz güclü təsirini göstərir. O, qeyd edib ki, möhtərəm Prezident İlham Əliyevin Sərəncamı Vətənimizin idman ölkəsi kimi imicinin daha da möhkəmlənməsi naminə verilən dəyərin ifadəsidir.

Oxunma sayı: 182 2024-08-14 23:08:50