Uğurlarını davam etdirən “Judo Club 2012”nin yeniyetmə cüdoçuları daha bir nailiyyətə imza atıblar. Cüdoçularımız bu dəfə martın 14-16-da Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında Bakı birinciliyində fərqləniblər.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunan yarışda klubun yetirmələri 1 qızıl və 1 bürünc medala sahib çıxıblar. Komandamıza qızıl medalı +63 kq çəki dərəcəsində mübarizə aparan Aysu Quliyeva qazandırıb. Bu çəki dərəcəsində qüvvəsini sınayan digər idmançımız Zenfira Əliyeva isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, yarışda paytaxtın 68 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 892 (808 oğlan, 84 qız) cüdoçu qalib adı uğrundan mübarizə aparıb. Turnir mayın 23-26-da bu yaş qrupu üzrə təşkil olunacaq yeniyetmələr arasında Azərbaycan birinciliyinə seçim xarakteri daşıyıb.