İyulun 20-də Şağan Olimpiya İdman Kompleksində 18 yaşa qədər yeniyetmələr arasında cüdo üzrə Ne-vaza ACF Kuboku keçirilib.
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə təşkil olunan yarışda 22 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 100-dən çox cüdoçu qüvvəsini sınayıb.
"Judo Club 2012"nin də yetirmələrinin iştirak etdiyi yarışda oğlanlar arasında 8 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Klubumuzun yetirmələrindən üçü mükafatçılar sırasında yer alıb. Belə ki, yeniyetmə cüdoçularımızdan Xalid İlyasov (-90 kq) və Vidadi Əliyev (+90 kq) ikinci yerə sahib çıxıb. -81 kq çəki dərəcəsində qüvvəsini sınayan Fəqan Məmmədli isə çıxışını bürünc medalla başa vurub.
Qeyd edək ki, Ne-waza bilik və bacarıqları idmançılara görüşlər zamanı yerdə (parterdə) texnikalarını inkişaf etdirməyə və təkmilləşdirməyə kömək edir.