Fevralın 22-23-də Slovakiyanın paytaxtı Bratislava şəhərində karate üzrə 40-cı Slovakiya Qran-prisi keçiriləcək. Yarışda 32 ölkədən 213 klubu təmsil edən 1000-dən çox karateçi medallar uğrunda mübarizə aparacaq. Qran-Priyə yollanan yığma komandamızın heyətində “Judo Club 2012”nin karate bölməsinin rəhbəri Gündüz Mahmudov və “Təhsil” Respublika İdman Mərkəzinin karate bölməsi üzrə baş məşqçisi Əbülfət Qarayevin rəhbərliyi altında 3 idmançı yer alıb. İki gün davam edəcək beynəlxalq yarışda yığmamızın tərkibində 16-17 yaşlı idmançılar arasında Hüseyn Məmmədli (61 kq), Fərid Ağayev (-76 kq) və Abbas Dadaşov (68 kq) mübarziə aparacaq.
Qeyd edək ki, yarışda iştirak edəcək Fərid Ağayev və Abbas Dadaşov “Judo Club 2012” klubunun yetirmələridirlər. Klubun idmançılarından Fərid Ağayev Macarıstanda keçirilən Avropa çempionatının qalibi, Abbas Dadaşov isə Xorvatiyada təşkil olunan 29-cu beynəlxalq Qran-pri turnirinin bürünc medalçısıdır.