"Judo Club 2012"nin yetirməsi Avropa birinciliyində bürünc medal qazandı

5.jpg

 

     Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə gənclər arasında Avropa birinciliyinin fərdi yarışları Azərbaycan komandasının növbəti uğuru ilə əlamətdar olub. Belə ki, 39 ölkədən 373 (210 oğlan, 163 qız) cüdoçunun iştirak etdiyi birincilikdə 16 (9 oğlan, 7 qız) idmançı ilə təmsil olunan komandamız fərdi yarışları 4 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Millimizə qızıl medalları Vüsal Qələndərzadə (-73 kq), Süleyman Şükürov (-81 kq), Könül Əliyeva (-48 kq) və Fidan Əlizadə (-57 kq) qazandırıb. Nizami İmranov (-60 kq) və Aslan Kotsoyev (-90 kq) gümüş, Tuncay Şamil (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medala sahib çıxıb.  

Cüdoçularımız bu nəticə ilə ümumi komanda hesabında və oğlanlar arasında birinci, qızların yarışında isə ikinci yeri tutub.

Qeyd edək ki, Avropa birinciliyinin bürünc medalına sahib çıxan Tuncay Şamil “Judo Club 2012”nin yetirməsidir. O, həlledici görüşdə italiyalı Henri Ovusuya qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Xatırladaq ki, klubun istedadlı yetirməsi qitə birinciliyindən əvvəl İspaniyada keçirilən Avropa Kubokunda və Almaniyada təşkil olunan beynəlxalq Masters turnirində bürünc, Avstriyanın Qrats şəhərində təşkil olunan gənclər arasında Avropa Kubokunda isə qızıl medal qazanıb.

Oxunma sayı: 187 2024-09-07 21:46:35