Noyabrın 22-də Yaponiyanın Osaka şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək. 87 ölkədən 486 (280 oğlan, 206 qız) cüdoçunun iştirak edəcəyi turnirdə Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Osaka turnirində ölkəmizi 13 (8 oğlan, 5 qız) idmançı təmsil edəcək. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda “Judo Club 2012”nin istedadlı yetirməsi Murad Fətiyev (81 kq) də mübarizə aparacaq. Yarışların ikinci günündə - noyabrın 23-də tatami üzərinə çıxacaq idmançımız mübarizəyə 1/32 final mərhələsindən başlayacaq. Cüdoçumuzun ilk rəqibi qırğızıstanlı Vladimir Zoloyev olacaq.
Qeyd edək ki, idmançıların kiçik dünya çempionatı da adlandırdığı “Böyük dəbilqə” turniri Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən ən əhəmiyyətli yarışlardan biri hesab olunur. Turnirin qalibi aktivinə 1000 xal yazdıracaq. İkinci yerin sahibi 700, üçüncü yeri tutan cüdoçu isə 500 reytinq xalı qazanacaq.
Böyük dəbilqə turnirinə noyabrın 24-də yekun vurulacaq.