IV "Raquf Orucov Kuboku" beynəlxalq turnirinə start verildi

24.jpg

 

     Noyabrın 16-da əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərinin şəhid polkovnik-leytenantı Raquf Orucovun və torpaqlarımızın azad edilməsi uğrunda canından keçən bütün hərbçilərimizin xatirəsinə həsr olunmuş 20 yaşadək cüdoçular arasında (U-20) ənənəvi lV "Raquf Orucov Kuboku" beynəlxalq turnirinə start verilib.

“Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən turnirin açılış mərasimi Bakı İdman Sarayında keçirilib.

Dövlət və hökumət nümayəndələri, parlament üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları və tanınmış idmançıların iştirak etdiyi mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilidikdən sonra Böyük Zəfərə və əfsanəvi kəşfiyyatçı Raquf Orucovun döyüş yoluna, həmçinim turnirin tarixinə həsr olunmuş videoçarxlar nümayiş olunub.

Sonra çıxış üçün söz rəsmi qonaqlara verilib. Əvvəlcə açılış mərasimində çıxış edən millət vəkili Adil Əliyev turnir iştirakçılarını salamlayaraq yarışın əhəmiyyətindən danışıb. O, belə yarışların gənclərdə vətənpərvərlik hissi və döyüş ruhunun aşılanmasında, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılmasında böyük rolu olduğunu qeyd edib.

44 günlük Vətən Müharibəsində tarixi qələbənin üçüncü ildönümündə möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndidə və Qarabağın digər gözəl guşələrindən üçrəngli bayrağımızı qaldırdığını qeyd edən Adil Əliyev bununla da suverenliyimizin tam bərpa edildiyini diqqətə çatdırıb.

Sonra çıxış edən Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu ölkədə cüdoya göstərilən diqqət və qayğıdan danışıb. O, hər zaman federasiya tərəfindən belə turnirlərin dəstəkləndiyini qeyd edib. Artıq turnirin ənənəyə çevridiyini deyən R.Rəsullu bu yarışın iştirakçıları arasından gələcəyin çempionlarının çıxacağınına inandığını qeyd edib.

Şəhid Raquf Orucovun qardaşı Zabil Orucov isə yarış iştirakçılarını əsgər salamı ilə salamlayaraq turnirin təşkilatçılarına minnətdarlığını bildirib. Xalqımızın qəhrəmanlıq salnaməsi olan Aprel döyüşlərinin hər kəs tərəfindən iftixarla xatırlandığını deyən Z.Orucov şəhidlərin müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq üçün belə yarışların mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

O, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən oğullarının xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu diqqətə çatdırıb.

Rəsmi çıxışlardan sonra yarışların baş hakimi Azərbaycan Cüdo Federasiyasının hakimlər komitəsinin üzvü, Olimpiya dərəcəli hakim Fariz Hüseynov turniri açıq elan edib.

Rəsmi çıxışlardan sonra açılış mərasimi bədii hissə ilə davam etdirilib.

Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Tacikistan, Dağıstan (Rusiya) və Çexiyanı təmsil edən 200-ə yaxın cüdoçunun iştirak etdiyi turnirin ilk yarış günündə -66 kq, -81 kq və -100 kq çəki dərəcəsində qaliblər müəyyənləşib.

Turnirdə -66 kq çəki dərəsində Eltac Yusifli ("Uğur" İK Sumqayıt) birinci yerə sahib çıxıb. Faiz Həsənov (TM Cüdo Klubu) ikinci, Biniomin Nazirov (Tacikistan) və Elvin Rəşidov ("Olimpiya" Cüdo İdman Klubu) isə üçüncü olublar.

-81 kq çəki dərəcəsində isə Süleyman Şükürov ("Neftçi" Sumqayıt) birinci yerə layiq görülüb. "Judo Club 2012"nin üzvü Əli Hacızadə isə ikinci yerə sahib çıxıb. Roman Qarayev ("Qəbələ" Bakı) və Mehdi Abbasov ("Judo Club 2012”) isə üçüncü yerlə kifayətləniblər.

-100 kq çəki dərəcəsində isə "Atilla" İK-i təmsil edən Nihad Şıxəlizadə qızıl medala layiq görülüb. Türkiyəli idmançı Mustafa Çırık ikinci, Şahin Əsədov ("Uğur" İK Sumqayıt) və Tamerlan Cabbarov ("Qəbələ" İK) üçüncü yeri tutublar.

Hazırda Azərbaycan İdmançılarının aktivində 10 (3 qızıl, 2 gümüş, 5 bürünc) medal var.

Ənənəvi turnirə sabah yekun vurulacaq.

 

Oxunma sayı: 745 2023-11-16 20:01:19