Murad Fətiyev Açıq Okeaniya turnirində qızıl medal qazanıb

3.jpg

 

Avstraliyada keçirilən yarışda “Judo Club 2012”nin yetirməsinin möhtəşəm uğuru

     Ölkəmizdə cüdo idman növünün inkişafına öz uğurları ilə layiqli töhfələr verən “Judo Club 2012”nin ünvanına okeanın o tayından daha bir qələbə xəbəri gəlib. Belə ki, noyabrın 10-11-də Avstraliyanın Pert şəhərində keçirilən Açıq Okeaniya turnirində klubun istedadlı idmançılarından olan Murad Fətiyev -90 kq çəki dərəcəsində qızıl medala layiq görülüb. Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz ilk qarşılaşmada braziliyalı Asis Qustava üzərində qələbə qazanıb. O, növbəti görüşdə belçikalı Sami Kouc və Böyük Britaniya təmsilçisi Camal Petqravı üstələyərək adını finala yazdırıb. Həlledici qarşılaşmada estoniyalı Kalyulayd Klen Kristoferə də qalib gələn Murad Fətiyev komandamıza yeganə qızıl medalı qazandırıb.

64 ölkədən 299 idmançının iştirakı ilə keçirilən yarışda millimizin heyətində yer alan Aydan Vəliyeva (-52 kq) isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, “Judo Club 2012”nin perspektivli yetirmələrindən olan Murad Fətiyev əvvəlki yarışlarda da öz nailiyyətləri ilə komandamızın uğurlarında pay sahibi olub. Gənclər arasında Avropa birinciliyinin gümüş və bürünc mükafatçısı olan Murad həmçinin müxtəlif illərdə Antalya və Tbilisi Qran-Prilərinin, Kazan “Böyük dəbilqə” turnirinin və Napoli Universiadasının komanda yarşlarında bürünc medala layiq görülüb. O, bu il Parisdə keçirilən “Böyük dəbilqə” turnirindən isə Vətənə gümüş medalla qayıdıb.

Klubda M.Fətiyevlə yanaşı, həmçinin Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, dünya və ikiqat Asiya çempionu Səid Mollayi və sonuncu Avropa çempionatının qalibi, dünya çempionatının ikiqat bürünc mükafatçısı, “World Masters”, “Böyük dəbilqə” və Qran-pri yarışlarının dəfələrlə qalib və mükafatçısı olmuş Zelim Kotsoyev də məşq edir. Belə titullu idmançıların klubun üzvü olması, burada məşq etməsi yeniyetmə və gənc idmançılar üçün əlavə stimuldur.

Ölkə idmanının inkişafına samballı töhfələr verən klubun idmançıları həmçinin bu yaxınlarda Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə böyüklər və yeniyetmələr arasında keçirilən Bakı çempionatı və birinciliyində də uğurla çıxış edərək mükafatçılar sırasında yer alıblar.

"Judo Club 2012" rəhbərliyi və məşqşilər heyəti qarşıdakı illərdə də uğurların daha da artırılması, yığma komandaya istedadlı idmançıların hazırlanması üçün bütün qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

 

Oxunma sayı: 746 2023-11-11 17:17:46