Oktyabrın 11-13-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilib. Üç gün davam edən yarışda 29 ölkədən 219 (150 kişi, 69 qadın) cüdoçu medallar uğrunda mübarizə aparıb. Yarışda 8 çəki dərəsində 14 (12 kişi və 2 qadın) idmançı ilə təmsil olunan komandamız turniri 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Yığmamızın üzvlərindən Zelim Tçkayev -81 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komandamızın digər üzvlərindən Uşangi Kokauri (+100 kq) gümüş, Acelya Toprak (-57 kq) və Murad Fətiyev (-90 kq) isə bürünc medala yiyələnib.
Qeyd edək ki, “Böyük Dəbilqə”nin bürünc mükafatçısı Murad Fətiyev “Judo Club 2012”nin yetirməsidir. O, bu ilin əvvəlində Bakıda təşkil olunan “Böyük Dəbilqə” turnirində qızıl medal qazanmışdı.