Murad Fətiyev: “Dünya çempionatında medal qazanmağı çoxdan arzulayırdım”

8.jpg

 

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bürünc medal qazanan “Judo Club 2012”nin yetirməsi Murad Fətiyev klubun saytına müsahibə verib. -90 kq çəki dərəcəsində medalçılar sırasında yer alan cüdoçu həm tarixi nəticənin sevincini bölüşüb, həm də onu uğura aparan yoldan danışıb.

 

- Murad, ilk növbədə, dünya çempionatının bürünc medalını qazanmağın münasibəti ilə səni təbrik edirik. Yarışda kifayət qədər güclü rəqiblərlə qarşılaşdın. Titullu idmançılarla mübarizə çıxışına nə dərəcədə təsir göstərdi?

- Çox sağ olun. Qarşılaşdığım rəqiblər arasında Avropa və dünya çempionatlarının, eləcə də Olimpiya Oyunlarının mükafatçıları var idi. İlk görüşdən özümü finala hazırlayır, hər qarşılaşmada qələbə qazanmağı düşünürdüm. Təəssüf ki, yarımfinalda son saniyələrdə səhvə yol verdim və məğlub oldum. Cüdoda bir səhv bütün görüşün taleyini həll edir. Mən də həmin səhvin nəticəsində finala yüksələ bilmədim. Rəqiblərin titulları mənə psixoloji cəhətdən təsir etmirdi. Çünki onların əksəriyyəti ilə əvvəlki yarışlarda qarşılaşmışdım. Bürünc medal uğrunda görüşdüyüm rəqibə isə iki dəfə qalib gəlmişəm. Amma bilirdim ki, o, dünya çempionatı kimi böyük yarışlara çox yaxşı hazırlaşır və buna görə də ehtiyatımı əldən vermədim.

- Bürünc medal uğrunda görüşə çıxarkən sanki həyəcanlı idin. Rəqibin isə daha sakit və arxayın görünürdü...

- Həyəcan hər bir idmançıda olur. Öz vətənində, doğma azarkeşlər qarşısında keçirilən dünya çempionatında isə məsuliyyət daha da artır. Çəki dərəcəmdə dünyanın güclü cüdoçuları - Avropa, dünya və Olimpiya mükafatçıları mübarizə aparırdı. Buna baxmayaraq, diqqətimi qələbəyə yönəltdim. Ümumiyyətlə, tatamiyə çıxanda həyəcanı unudub yalnız rəqiblə mübarizəyə köklənirsən. Bürünc medal uğrunda görüşdəki rəqibim Nemanya Maydov dünya və Avropa çempionu idi. Ona qalib gələrək illərdir arzuladığım medalı qazandım. Bu medal illərlə qurduğum arzunun gerçəkləşməsidir.

- Qazandığın medal Azərbaycan cüdosu üçün tarixi əhəmiyyət daşıyır. Belə ki, dünya çempionatlarında əvvəlki medal sayı ilə bağlı rekordumuz 2017-ci ildə əldə edilmiş dörd mükafat idi. Sənin əldə etdiyin bürünc medal sayəsində bu göstərici yeniləndi. Bu uğur sənə hansı hissləri yaşatdı?

- Əvvəlcə medal qazandığım üçün çox sevindim. Sonra bildim ki, bu, dünya çempionatlarında Azərbaycan cüdoçularının qazandığı beşinci medaldır və tarixi nəticədir. Yəni buna qədər xəbərim yox idi. Komandamız bu çempionatın fərdi yarışlarını 7 medalla tamamladı. Yəni məndən sonra da ümumi nəticə yeniləndi. Əsas odur ki, Azərbaycan komandası olaraq çempionatın fərdi yarışlarını cüdo tarixinin ən uğurlu nəticəsi ilə başa vurduq.

- Bürünc medal uğrunda görüşdən əvvəl sənə ən çox kim dəstək oldu, kim səni qələbəyə ruhlandırdı?

- Mənə ən çox dəstək olanlardan biri məşqçim Elçin İsmayılov idi. O, uşaqlıqdan yanımda olub. Yeniyetmələrdən ibarət milli komandada məşqçim olub, həmişə mənə inanıb, dəstək verib və ruhlandırıb. Şəxsi məşqçim Tərlan müəllimlə də yarışdan bir gün əvvəl danışmış, hər şeyin yaxşı olacağını demişdim. Bürünc medal uğrunda görüş zamanı o qədər azarkeşin arasında onun səsini tribunadan eşidirdim.

- Buna qədər Avropa çempionatının medalçısı idin. Dünya çempionatının mükafatı sənin üçün hələ əlçatmaz qalmışdı. Bu nəticə karyerana necə təsir göstərəcək?

- Dünya çempionatının medalını çoxdan arzulayırdım. Əvvəlki illərdə müəyyən səbəblərdən dünya çempionatında iştirak edə bilməmişdim. Halbuki həmin yarışlarda da medal qazanmaq şansımın olduğuna inanırdım. Şükürlər olsun ki, nəhayət, dünya çempionatının medalını da qazandım. Bu uğur mənim üçün çox əhəmiyyətlidir. İndi qarşıma daha böyük hədəflər qoymaq və gələcək yarışlarda daha yaxşı nəticələr göstərmək istəyirəm.

- Sən 2014-cü ildən “Judo Club 2012”də məşq edirsən. Dünya çempionatında bürünc medal qazanmağın buradakı gənc cüdoçulara da böyük motivasiya olacaq…

- “Judo Club 2012”də Avropa, dünya və Olimpiya çempionlarının yetişməsi üçün böyük potensial var. Gənc idmançılar bugünkü nəticələrə baxır, daha çox həvəslənir, məşqlərə ciddi yanaşır və öz üzərlərində işləməyə çalışırlar. İstəyirəm ki, bugünkü uğurlar onlara nümunə olsun, heç vaxt həvəsdən düşməsinlər. Fürsətdən istifadə edib, bizə yaratdığı şəraitə görə Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti və “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərova minnətdarlığımı bildirirəm. Azər müəllim məni 2014-cü ildə bu kluba dəvət edib. O, atamın uşaqlıq dostudur. Birlikdə güləşiblər, veteranlar arasında keçirilən yarışlarda da bir yerdə iştirak ediblər. Buna görə də məni uşaqlıqdan tanıyır və dəstəyini əsirgəməyib. Onun dəstəyi mənim üçün çox dəyərlidir. Azər müəllim 60 yaşının olmasına baxmayaraq, bu gün də böyük enerji ilə ustalar arasında dünya və Avropa çempionatlarında iştirak edir, Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandırır, himnimizi səsləndirir. Onun cüdoya bağlılığını və bu idman növünə sevgisini hər zaman hiss edirik. Azər müəllim, ümumiyyətlə, ölkəmizdə cüdonun inkişafına sanballı töhfələr verir. Dünya çempionatından əvvəl də o mənimlə görüşərək bu yarışda uğur qazanacağıma inandığını söylədi. Hətta mükafatlandırmadan sonra yanıma gəldi, məni təbrik etdi, qucaqlayıb sevincimi bölüşdü. Alnımdan öpərək mənə inandığını dedi. Düşünürəm ki, belə insanların idmançıların yanında olması idmanın inkişafı üçün çox vacibdir.

- Dünya çempionatından sonra “Judo Club 2012”nin gənc idmançıları ilə görüşüb təcrübəni bölüşmək, onlara öz tövsiyələrini vermək istərdinmi?

- Əlbəttə, məmnuniyyətlə belə bir görüşdə iştirak edərəm. Gənc idmançılarla söhbət etmək, onlarla öz təcrübəmi bölüşmək istəyərəm. Bu gün klubun yeniyetmə və gənc idmançıları arasında Avropa, dünya çempionatlarının, beynəlxalq yarışların qalibləri və mükafatçıları var. Çox istərdim ki, mənim dünya çempionatında uğurlu iştirakım onları daha da ruhlandırsın və gələcəkdə daha böyük uğurlara həvəsləndirsin.

- Sonda bu uğurda əməyi olan insanlara nə demək istərdin?

- Mənə dəstək olan hər kəsə, xüsusilə, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Asgərova, klubun rəhbərliyinə, məşçilər heyətinə və arenaya toplaşan azarkeşlərə minnətdarlığımı bildirirəm. Dünya çempionatında gördüm ki, çox sayda insan medal qazanmağımı istəyir və mənə inanır. Federasiyanın nümayəndələri, idmançılar, məşqçilər - hamısı mənə dəstək olurdu. Şükürlər olsun ki, onların inamını doğruldaraq medal qazana bildim.

Oxunma sayı: 7 2026-10-12 11:15:45