“Judo Club 2012”nin yetirməsi Murad Fətiyev beynəlxalq arenada uğurlu çıxışını davam etdirir. İstedadlı cüdoçumuz bir həftə ərzində ardıcıl ikinci beynəlxalq medalını qazanaraq klubumuzun növbəti uğuruna imza atıb.
Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal əldə edən Murad Fətiyev bu dəfə Çinin Sindao şəhərində təşkil olunan Qran-Pri turnirində də eyni uğuru təkrarlayıb. -90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarışın bürünc medalına sahib çıxıb.
Murad Fətiyev mübarizəyə 1/16 final mərhələsindən başlayaraq əvvəlcə Çin təmsilçisi Şuo Li, daha sonra isə Rusiyanı təmsil edən erməni əsilli David Karapetyan üzərində inamlı qələbələr qazanıb. 1/4 finalda Özbəkistan cüdoçusu Nurbek Murtozoyevə məğlub olan idmançımız təsəlliverici görüşdə yerli idmançı Qi Hana qalib gələrək bürünc medal uğrunda mübarizəni davam etdirib. Həlledici görüşdə isə Qırğızıstan təmsilçisi Erjan Kanatbekov üzərində qələbə qazanan Murad Fətiyev bir həftə ərzində ardıcıl ikinci beynəlxalq bürünc medalını aktivinə yazdırıb.
Qeyd edək ki, Azərbaycan millisi turniri ümumilikdə dörd medalla başa vurub. Murad Fətiyevdən əlavə, Zelim Tçkayev (-81 kq) qızıl, Əhməd Yusifov (-60 kq) və Hidayət Heydərov (-81 kq) bürünc medal qazanıblar. Nəticədə millimiz kişilər arasında komanda hesabında Yaponiya və Rusiyadan sonra üçüncü, ümumi komanda hesabında isə dördüncü yeri tutub. 57 ölkədən 500 (265 kişi, 235 qadın) cüdoçunun iştirak etdiyi nüfuzlu turnirdə Azərbaycan millisi 17 (11 kişi, 6 qadın) idmançı ilə təmsil olunub.