Barselona-1992 Yay Olimpiya Oyunlarının cüdo yarışlarının qalibi Nazim Hüseynov “Judo Club 2012”nin qonağı olub. Sentyabrın 7-də keçirilən görüşdə klubun yeniyetmə və gənc cüdoçuları da iştirak ediblər. Olimpiya çempionu görüş zamanı öz təcrübəsini yeniyetmə cüdoçularla bölüşüb, onlara dəyərli tövsiyələrini verib. Təcrübəli mütəxəssis yeniyetmə və gənclərlə söhbətində idmana gəlişi, qarşılaşmaları və uğurlarından danışıb. O, mötəbər yarışlarda qazanılan qələbələr sayəsində üçrəngli bayrağımızın ucaldılmasının, dövlət himnimizin səsləndirilməsinin hər bir idmançı üçün unudulmaz hisslər olduğunu vurğulayıb. Barselona-1992 Yay Olimpiya Oyunlarının qızıl medalını idmançılara göstərən Nazim Hüseynov yeniyetmə və gənclərin suallarını cavablandırıb, onlara uğurlar arzulayıb. Olimpiya çempionu ilə görüş klubun idmançılarının böyük marağına səbəb olmaqla yanaşı, onların həyatında yaddaqalan hadisəyə çevrilib.
Görüşün sonunda “Judo Club 2012”nin idman direktoru, Olimpiya dərəcəli hakim Fariz Hüseynov və klubun baş məşqçisi İlqar Müşkiyev Olimpiya çempionu Nazim Hüseynova minnətdarlığını bildirib və xatirə şəkili çəkdirilib.
Qeyd edək ki, son illərdə ölkə idmanında öz uğurları ilə diqqət çəkən “Judo Club 2012”də bundan əvvəl də belə görüşlər təşkil olunub.