Qəhrəmanların xatirəsini ehtiramla yad edirik

0.jpeg

 

     1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda baş vermiş faciəli hadisələrdən – XX əsrin sonlarında xalqımızın tarixi taleyini yeni bir məcraya yönəltmiş faciədən 34 il keçir. Xalq arasında və mətbuat səhifələrində 20 yanvar faciəsi adlandırılan həmin hadisələr, aradan onilliklər keçməsinə baxmayaraq, unudulmur, dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsi, əvvəlki kimi, kədər, nifrət və qəzəb hissi doğurur. Eyni zamanda, həmvətənlərimizin qəhrəmanlığından qürur duyuruq. Onlar canları, qanları bahasına öz vətəndaş ləyaqətlərini və ölkəmizin azad, müstəqil olmaq hüququnu müdafiə etdilər. Məhz 1990-cı il yanvarın 20-si Azərbaycanı suverenliyə aparan yolun başlanğıcı oldu.

Həmin kədərli hadisələrin növbəti ildönümünü ölkəmiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun mərdliyi və rəşadəti sayəsində  öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi bir şəraitdə qarşılayır.

Bu gün biz ölkəmizin qarşısında yarana biləcək istənilən çağırış və risklərə tab gətirəcək siyasi institutların və hökumət strukturlarının gücləndirilməsi istiqamətində səylərimizi birləşdirməliyik. Yalnız xalqımızın birliyi və həmrəyliyi ilə hər hansı xarici təhlükə və fəlakətlərdən uzaq, firavan gələcək qura bilərik.

1990-cı ilin 20 Yanvarında şəhid olanların xatirəsi qəlbimizdə daim yaşayacaq, onların qəhrəmanlığı bizi daim quruculuq işlərinə, xüsusən də bu gün ölkənin inkişafı üçün zəruri olan işlərə ruhlandıracaqdır.

Azər Əsgərov

Oxunma sayı: 505 2024-01-20 12:37:55