Sabirabadda “Judo Club 2012”nin yeni filialı istifadəyə verildi

8.jpg

 

Mayın 4-də Sabirabad rayonunun Yolçubəyli kəndində “Judo Club 2012” klubunun yeni filialının açılış mərasimi keçirilib. Yeni cüdo zalı yeniyetmə və gənclərin bu idman növü ilə sistemli məşğul olmaları üçün müasir şəraitlə təmin edilib.

Açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının və “Judo Club 2012” klubunun nümayəndələri, klubun məşqçiləri, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təmsilçiləri, kənd soveti və bələdiyyə üzvləri, məktəb direktorları, eləcə də kənd ağsaqqalları iştirak ediblər.

Tədbirdə çıxış edən “Judo Club 2012” klubunun cüdo bölməsi üzrə baş məşqçisi İmran İmanov ölkə idmanının qazandığı uğurlarda cüdoçuların mühüm rol oynadığını vurğulayıb. O, yeni zalın istifadəyə verilməsi münasibətilə gənc idmançıları təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulayıb.

İmran İmanov yaradılan şəraitə və kluba göstərilən diqqət və qayğıya görə Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, “Cüdo Klub 2012” İctimai Birliyinin sədri, klubun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərova və klubun texniki direktoru Fariz Mehdiyevə minnətdarlığını bildirib. 

Mərasimdə çıxış edən digər qonaqlar klubun bölgə idmanı üçün əhəmiyyətindən bəhs edərək, regionlarda idmanın inkişafı baxımından belə təşəbbüslərin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, yeni cüdo zalının ümumi sahəsi 200 kvadratmetrdir. Burada idmançıların hazırlığı üçün bütün zəruri şərait yaradılıb. Məşq zalı müasir standartlara cavab verən tatami və digər idman avadanlıqları ilə tam təchiz olunub. Klubda cüdo məşqləri məşqçi İsmayıl Mehralıyev tərəfindən keçirilir.

Oxunma sayı: 347 2026-05-04 18:14:50