Həftəsonu Azərbaycanın yeniyetmə cüdoçuları üçün uğurla yadda qalıb. Belə ki, noyabrın 23-24-də Yunanıstanın Saloniki şəhərində keçirilən yeniyetmə cüdoçular arasında Avropa Kubokunu milli komandamız 8 (2 qızıl, 1 gümüş, 5 bürünc) medalla başa vurub.
Mükafatçılar sırasında "Judo Club 2012"nin cüdoçuları da yer alıblar. Saloniki sınağında 4 idmançı ilə təmsil olunan klubun üzvlərindən ikisi adını medalçılar sırasına yazdırıb. Perspektivli cüdoçularımızdan Zeyd Ələsgərov (-60 kq) qızıl, Səid Şərifov (-73 kq) isə bürünc medala layiq görülüb.
"Judo Club 2012"nin digər iki üzvü Emil Hüseynli (-55 kq) və Məhəmməd Ağakişiyev (-73 kq) Avropa Kubokunu yeddinci pillədə başa vurub.
Milli komandamızın heyətində Avropa Kubokunda çıxış edən digər cüdoçularımızdan Sübhan Axundov (+90 kq) qızıl, Fəxri Sahibzadə (-66 kq) gümüş, Anar Quliyev (-50 kq), Rüstəm Qasımzadə (-55 kq), Amin Mehdiyev (-81 kq) və Tunar Fərzəliyev (+90 kq) isə bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, 29 ölkədən 439 (295 oğlan, 144 qız) cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan komandası oğlanların yarışında 20 idmançı ilə təmsil olunub.
Xatırladaq ki, Avropa Kubokunda mükafatçılar sırasında yer alan Zeyd Ələsgərov və Səid Şərifov daha əvvəl Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarının mükafatçıları sırasında yer almışdı. Belə ki, həmin turnirdə Səid Şərifov gümüş, Zeyd Ələsgərov isə bürünc medal qazanmışdı.