Şimali Qafqazdan olan qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrıldılar

4.jfif

 

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı tarixi nəticə, yüksək təşkilatçılıq səviyyəsi, gərgin idman mübarizəsi və azarkeşlərin böyük marağı ilə yadda qaldı. Mötəbər yarışın gedişini izləmək üçün paytaxtımıza gələn qonaqlar arasında Rusiya Federasiyasının tərkibinə daxil olan Dağıstan Respublikası, eləcə də  İnquşetiya, Alaniya, Çeçenistan, Kabarda-Balkar və Şimali Qafqazın digər bölgələrindən olan idman mütəxəssisləri də var idi. 49 nəfərlik nümayəndə heyətinin Azərbaycana səfəri, qarşılanması və yerləşdirilməsi Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, Cüdo Veteranları Assosiasiyasının prezidenti və “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərovun dəstəyi ilə reallaşıb. Qonaqlar Bakıda olduqları 8 gün ərzində göstərilən diqqət və qayğını xüsusi vurğulayaraq, təəssüratlarını bölüşüblər.

Əslən Qusardan olan, 36 ildir Dərbənddə çalışan cüdo mütəxəssisi, Rusiya Federasiyasının tərkibinə daxil olan Dağıstan Respublikasında cüdo hakimləri heyətinin sədri, Əməkdar məşqçi Mübariz Əmirmətov Azərbaycana səfərlərinin yüksək səviyyədə təşkil olunduğunu bildirdi. O, nümayəndə heyətinin qarşılanması, yerləşdirilməsi və yarışları izləməsi üçün yaradılan imkanlara görə minnətdarlığını ifadə etdi.

“Dünya çempionatına gəlmək istəyimizi bildirəndə Azər Əsgərov bizə böyük dəstək göstərdi. 49 nəfərlik heyətimizi çox gözəl qarşıladılar, hotel, nəqliyyat və hətta yarış biletləri ilə təmin etdilər. Burada olduğumuz müddətdə hər cür qayğı ilə əhatə olunduq. Gördüyümüz diqqət və qonaqpərvərliyi sözlə ifadə etmək çətindir. Mən vaxtilə Bakıda indiki Azərbaycan İdman Akademiyasında təhsil almışam. Bura mənim vətənimdir, imkan düşdükcə Azərbaycana gəlirəm. Ölkədən kənarda yaşasam da, Azərbaycan idmanını, xüsusilə cüdoçularımızın çıxışlarını izləyir, onların uğurları ilə qürur duyuram. Bir çox ölkələrdə turnirlərdə olmuşam, lakin Bakıdakı dünya çempionatında təşkilatçılıq və xüsusilə açılış mərasimi həqiqətən fərqli və unudulmaz idi. Fürsətdən istifadə edərək, bizə göstərilən diqqət və qayğıya görə dostumuz Azər Əsgərova minnətdarlığımı bildirirəm”, - deyə Mübariz Əmirmətov vurğuladı.

Rusiya Federasiyasının tərkibinə daxil olan Dağıstan Cüdo Federasiyasının vitse-prezidenti, Dərbənd şəhərindəki Olimpiya Ehtiyatları İdman Məktəbinin direktoru, cüdo və sambo üzrə SSRİ idman ustası Ramazan Maqomedov da Bakıda gördüyü xoş münasibətdən razılığını dedi. O, Azərbaycanla uzun illərə söykənən idman əlaqələrini xatırladaraq, paytaxtımızda keçirilən yarışların həmişə yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi. “Bakıda yarışların təşkilatçılıq səviyyəsi həmişə yüksək olub. Bu dəfə isə hər şey möhtəşəmdir. İdmançılar üçün bütün şərait yaradılıb. Bizi burada qardaş kimi qarşıladılar. Buna görə təşkilatçılara və Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Azər Əsgərova minnətdarlığımı bildirmək istəyirəm. Sonuncu dəfə 2019-cu ildə Bakıda olmuşam. Burada keçirilən yarışlarda dəfələrlə iştirak etmişəm. Vaxtilə Bakı çempionatında üç dəfə mübarizə aparmış və hər dəfə ikinci yeri tutmuşam. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr olunmuş turnirdə də çıxış etmişəm. Tələbələrim də həmin yarışların iştirakçıları olublar. Əvvəllər, demək olar ki, hər ay Azərbaycana gəlib-gedirdik. Cüdo ictimaiyyətinin böyük hissəsini şəxsən tanıyıram. Bu səbəbdən Bakı mənim üçün doğma şəhərlərdən biridir”, - deyə Ramazan Maqomedov bildirdi.

Dağıstanın Məhərrəmkənd rayonundan olan Rusiya Federasiyasının Əməkdar məşqçisi, beynəlxalq dərəcəli idman ustası Sadir Ayvazov da nümayəndə heyətinə göstərilən diqqəti xüsusi vurğuladı. Onun sözlərinə görə, səfər boyunca nəqliyyat, mehmanxana və qidalanma ilə bağlı bütün məsələlər operativ şəkildə həll olundu.

“Bizim üçün avtobus ayrıldı, mehmanxana və yeməklə təmin olunduq. Heç bir çətinliklə üzləşmədik, bütün məsələlər yüksək səviyyədə həll edildi. Mən 2002-2003-cü illərdə Azərbaycanda keçirilən açıq çempionatlarda, həmçinin Həzi Aslanovun xatirəsinə həsr olunmuş turnirdə iştirak etmişəm. Təəssüf ki, bu yarış bir müddət keçirilmədi. Məndə olan məlumata görə, 2024-cü ildə ənənəvi turnir Azər Əsgərovun dəstəyi ilə yenidən təşkil olundu. İmkan olduqca Azərbaycan idmanını izləyirəm. 2015-ci ildə I Avropa Oyunlarında, 2018-ci ildə isə Bakıda keçirilən dünya çempionatında da iştirak etmişəm. Müxtəlif beynəlxalq yarışlarda olduğum üçün deyə bilərəm ki, Azərbaycanda idman tədbirləri hər zaman yüksək səviyyədə təşkil edilir. Azərbaycan cüdoçularının bu çempionatda qazandıqları medallar bizi də sevindirir. Bizi Azərbaycanla həm idman, həm də dostluq münasibətləri birləşdirir. İlk məşqçim Ruslan Abdullayev bakılıdır. O, Azər müəllimin də məşqçisi olub. Bu da bizi birləşdirən ortaq bağlardan biridir. Bizi qardaş kimi qarşıladıqlarına görə Azər Əsgərova minnətdaram. Bizim də qapılarımız Azərbaycan nümayəndələri üçün həmişə açıqdır”, - deyə Sadir Ayvazov bildirdi.

Rusiya Federasiyasının cüdo üzrə Əməkdar məşqçisi Şamil Əliyev də Bakıdakı dünya çempionatının təşkilati səviyyəsini yüksək qiymətləndirdi. Təcrübəli mütəxəssis Azərbaycan cüdoçularının nəticələrinə toxunaraq, ölkəmizdə bu idman növünün inkişafı istiqamətində görülən işləri xüsusi qeyd etdi:

“Azərbaycanla bağlı təəssüratlarım çox gözəldir. Yarışların təşkili yüksək səviyyədədir, hər şey dəqiq və mükəmməl düşünülüb. Azərbaycan cüdoçularının yeddi medal qazanması ölkə üçün tarixi uğurdur. Mən həmçinin bizi belə gözəl qarşıladığına görə qardaşımız Azər Əsgərova təşəkkür edirəm. O, Azərbaycanda cüdonun inkişafı üçün böyük işlər görür. Bu qədər geniş nümayəndə heyətini mehribanlıqla qarşılamaq, onun rahatlığını təmin etmək, həqiqətən, böyük işdir. Göstərilən diqqətə və qonaqpərvərliyə görə hamıya minnətdaram.

Azərbaycana tez-tez gəlirik. Tələbələrim burada müxtəlif yarışlarda uğurla çıxış edib, turnirlərin qalibi olublar. Azər Əsgərovun dəstəyi ilə təşkil edilən “Rauf Orucov Kuboku” turnirinə də komandamızla gəlmişdim.  Dağıstan komandası həmin yarışın mükafatçıları sırasında yer almışdı. Bu yarışları və Azərbaycanda gördüyümüz səmimi münasibəti hər zaman xoş xatirələrlə yad edirik”.

Rusiya Federasiyasının Dağıstan yığmasının məşqçisi, cüdo və sambo üzrə SSRİ idman ustası Camal Cəlaldinov Azərbaycanla bağlı xatirələrini bölüşməklə yanaşı, dünya çempionatının təşkilinə də münasibət bildirdi. O, vaxtilə Bakıda yaşadığını, Azərbaycan yığma komandasının üzvü olduğunu və ölkəmizlə idman əlaqələrinin uzun tarixə malik olduğunu xatırlatdı.

“Əvvəlcə Azərbaycan Cüdo Federasiyasına və bizə böyük dəstək göstərən “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərova minnətdarlığımı bildirmək istəyirəm. Müraciətimizə müsbət cavab verdi, komandamızın Bakıya səfərinə kömək göstərdi. Azər müəllim cüdoya bağlı, bu idman növünün inkişafına töhfə verən, idmançılara qayğı göstərən insandır.

Əvvəllər Bakıda yaşamışam, Azərbaycan yığma komandasının üzvü olmuşam. 1980-1990-cı illərdə cüdo ilə məşğul olmuş, Olimpiya çempionu Nazim Hüseynovla eyni sinifdə oxumuşam. Eyni zamanda, -60 kq çəki dərəcəsində mübarizə aparmışıq. Dünya çempionatına gəlincə, yarış ümumilikdə çox yaxşı təşkil olunmuşdu. Bununla belə, bəzi görüşlərdə hakimliklə bağlı suallarım yarandı. Şəxsi qənaətimə görə, Azərbaycan idmançılarının, o cümlədən Hidayət Heydərovun və Zelim Kotsoyevin görüşlərində mübahisəli məqamlar var idi. Bu, mənim şəxsi fikrimdir. Lakin həmin məqamlar çempionatın yüksək təşkilatçılıq səviyyəsinə kölgə sala bilməz. Arenada yaradılan şərait və təşkilati məsələlər təqdirəlayiq idi”.

Rusiya Federasiyasının tərkibinə daxil olan Dağıstan Respublikasının Cüdo Federasiyasının keçmiş prezidenti, beynəlxalq dərəcəli idman ustası Kazanbi Kazanbiyev də Bakıda keçirilən dünya çempionatının təşkilatçılığına yüksək qiymət verdi. O, yarış məkanının tərtibatından tutmuş tatamilərə, elektron tablolara və işıqlandırmaya qədər bütün detalların diqqətlə düşünüldüyünü vurğuladı.

“Bakıda keçirilən yarışın təşkilatçılıq səviyyəsi məni heyran etdi. İdmançılar və qonaqlar üçün rahat şərait yaradılmışdı. Turnir dünya çempionatına layiq səviyyədə təşkil olunmuşdu.

Azərbaycanda dəfələrlə olmuşam. Son bir ildə də şəhərinizi bir neçə dəfə ziyarət etmişəm. Hər gəlişimdə Bakının necə dəyişdiyini və inkişaf etdiyini görürəm. İçərişəhər, dənizkənarı bulvar, yeni tikililər, yollar, hava limanı və yaşıllıq zolaqları böyük təəssürat yaradır. Səkkiz il əvvəl Bakıda cüdo üzrə dünya çempionatı keçirilmişdi, indi isə belə mötəbər yarış yenidən ölkənizə həvalə olunub. Bu, Azərbaycanın beynəlxalq idman aləmində nüfuzunun göstəricisidir.

Dağıstan nümayəndə heyəti adından cüdoçu dostumuz Azər Əsgərova da xüsusi minnətdarlığımı bildirirəm. O, 50-yə yaxın nümayəndə üçün nəqliyyat, mehmanxana, qidalanma və digər zəruri şəraiti təmin etdi. Bu dəstək bizim üçün çox əhəmiyyətlidir. Belə insanlar xalqlarımız arasında dostluğun, qardaşlığın və qarşılıqlı hörmətin möhkəmlənməsinə böyük töhfə verirlər”, - deyə Kazanbi Kazanbiyev qeyd etdi.

Şimali Qafqazdan gələn idman mütəxəssislərinin fikirləri bir məqamı aydın göstərir: Bakıda keçirilən dünya çempionatı yalnız idman nəticələri və qazanılan medallarla deyil, insanları bir araya gətirən səmimi münasibətlərlə də yadda qaldı. Müxtəlif bölgələrdən gələn qonaqların Azərbaycanda gördükləri diqqət və qayğı, eləcə də uzun illərə söykənən idman əlaqələri cüdonun xalqlar arasında dostluq körpüsü rolunu bir daha nümayiş etdirdi.

Oxunma sayı: 10 2026-10-12 10:43:16