Cüdo üzrə Əməkdar məşqçi Tərlan Həsənov "Cüdo” kitabı ilə oxucuların görüşünə gəlib. Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə ərsəyə gələn bu vəsait cüdo idman növünün inkişafı, cüdoçuların hazırlanmasında tədris-məşq prosesinin təkmilləşdirilməsi və onlara yeni qaydaların aşılanması məqsədilə hazırlanıb. Uşaq-gənclər idman məktəbləri, idman cəmiyyətləri, klubları və bölmələrində fəaliyyət göstərən cüdo məşqçi-müəllimləri üçün nəzərdə tutulan toplu Gənclər və İdman Nazirliyi, eləcə də Təhsil Nazirliyinin normativ sənədləri və idman məktəblərinin nizamnaməsi əsasında hazırlanıb. Kitabda idmançının hazırlığı, məşq prosesinin planlaşdırılması, təşkili, keçirilməsi, məzmunu və digər məsələlər haqqında müfəssəl məlumat verilib. Bu idman növündəki 45 illik məşqçilik təcrübəsindən yararlanan müəllif vəsaitin hazırlanmasında respublika cüdoçularının qabaqcıl təlimi və məşq təcrübəsi, gənc idmançıların hazırlığı məsələlərində elmi-tədqiqatın nəticələri, idman təbabəti, fiziki tərbiyə nəzəriyyəsi və metodikası, pedaqogika, psixologiya, gigiyena və digər sahələrin səmərəli təcrübəsindən istifadə edib.