Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən usta cüdoçular arasında dünya çempionatına yekun vurulub. Azərbaycan komandası sonuncu yarış günündə bir qızıl və bir bürünc medal qazanıb. Yığmamızın heyətində Nadir Babayev (M2, -73 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Mərakeş, Fransa və Gürcüstan idmançılarına qalib gələrək finala vəsiqə əldə edib. Həlledici görüşdə özbəkistanlı rəqibini də üstələyən N.Babayev usta cüdoçular arasında dünya çempionu tituluna yiyələnib.
Bürünc medala isə M2 yaş qrupu üzrə -66 kq çəki dərəcəsində çıxış edən Vüqar Babayev sahib çıxıb.
Qeyd edək ki, yarışın əvvəlki günlərində Azər Əsgərov (M6, +100 kq), Fərhad Rəcəbli, Fərhad Rəcəbli, Mövlud Mirəliyev (M4, -100 kq) və Babək Hacıyev (M4, -60 kq) qızıl, Qurban Məmmədli (M1, +100 kq) gümüş, Arif Qasımov (M8, -100 kq), Elçin Mayılov (M3, -66 kq), Zülfüqar Hüseynov (M3, -81 kq) və Nizami Məmmədov (M3, -100 kq) isə bürünc medal qazanıb.
Beləliklə, usta cüdoçularımız dünya çempionatını 5 qızıl, 1 gümüş və 5 bürünc medalla başa vurublar. Veteranlarımız bu nəticə ilə ümumkomanda hesabında altıncı yeri tutublar.
Qeyd edək ki, Əbu-Dabidə uğurla çıxış edən usta cüdoçularımız yarışa paytaxtımızın ən müasir idman klublarından olan “Judo Club 2012”də hazırlaşıblar.
Klubun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı olan Azər Əsgərov cüdoçularımızın çempionatda uğurlu çıxışı və parlaq qələbəsi üçün lazımi dəstək göstərib. Onun həmçinin yarışın ilk günlərində yığmamıza ilk qızıl medal qazandırması komandamızda yüksək qələbə əhval-ruhiyyəsi yaradıb.
Qeyd edək ki, yarışda 63 ölkəni təmsil edən 973 (852 kişi, 121 qadın) cüdoçu qalib adı uğrunda mübarizə aparıb. Komandamız yarışda yığmamızın kapitanı Fərhad Rəcəblinin rəhbərliyi altında 45 (44 kişi, 1 qadın) idmançı ilə təmsil olunub.