Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatı keçirilib. Azərbaycan 49 ölkədən 1183 (1006 kişi, 177 qadın) idmançının mübarizə apardığı çempionatda 15 idmançı ilə təmsil olunub. Cüdo ustalarımız vətənə 5 qızıl, 1 gümüş və 1 bürünc medalla dönüblər.
Yığma komandaya ilk qızıl medalı M-7 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində tatami üzərinə çıxan Fərhad Rəcəbli qazandırıb. Bu, 60 yaşını Mərakeş Krallığında qeyd edən usta cüdoçumuzun veteranlar arasında dünya çempionatları tarixində sayca 9-cu qızıl medalıdır. Onu da xatırladaq ki, Fərhad Rəcəbli veteranlardan ibarət yığma komandamızın baş məşqçisi, həmçinin usta cüdoçular arasında Avropa çempionatının yeddiqat qalibidir.
Komandamıza digər qızıl medalları isə Məmməd Məmmədov (M-1, 73 kq), Mübariz Cəfərov (M-4, 81 kq), Rəsul Səlimov (M-2, 90 kq) və Elxan Rəcəbli (M-2, 100 kq) qazandırıblar.
M-2 kateqoriyasında 66 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Babayev isə yalnız finalda məğlub olaraq gümüş medala layiq görülüb.
Veteranlar arasında ikiqat dünya çempionu Müşfiq Cəfərov (M-5, 73 kq) isə bu dəfə bürünc medalla kifayətlənib.
İdmançılarımızdan Vüsal Cəfərov (M-2, 90 kq) çempionatı beşinci, Babək Hacıyev (M-3, 60 kq), Yamən Fətiyev və Azər Əsgərov (hər ikisi M-5, 100 kq) isə yeddici pillədə başa vurublar.
Dünya çempionatında 7 medal qazanan usta cüdoçularımız bu nəticə ilə ümumi komanda hesabında beşinci yeri tutublar. Ayrılıqda kişilərin yarışında isə Azərbaycan komandası Fransa və Rusiya komandalarından sonra üçüncü olub.
Qeyd edək ki, dünya çempionatında uğurla çıxış edən usta cüdoçularımız yarışlara Azərbaycan Cüdo Veteranları Assosiasiyası tərəfindən yaradılmış “Judo Club 2012” idman klubunda hazırlaşırlar.
Yarış haqqında ətraflı məlumatı ippon.org saytından əldə edə bilərsiniz.
Link: http://www.ippon.org/wc_vet2019.php