Noyabrın 4-7-də Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində usta cüdoçular arasında dünya çempionatı keçirilib.
67 ölkədən 1132 (959 kişi, 173 qadın) veteran idmançının iştirak etdiyi yarışda Azərbaycan komandası 10 (9 kişi, 1 qadın) usta cüdoçu ilə təmsil olunub. Veteran cüdoçularımız mundialı 2 qızıl, 2 bürünc medalla başa vurublar.
Qızıl medallara veteranlardan ibarət komandamızın baş məşqçi Fərhad Rəcəbli (M8, -90 kq) və Mərdan Qədirli (M1, -90 kq) sahib çıxıb. Bu, qalib imicinə sadiqliyini nümayiş etdirən Fərhad Rəcəblinin 12-ci dünya çempionluğu kimi də yadda qalıb. Azərbaycanın ən titullu usta cüdoçusu həmçinin veteranlar arasında Avropa çempionatının 10 qat qalibidir.
Okeanın o tayında komandamıza bürünc medalları isə “Judo Club 2012”nin cüdo bölməsi üzrə məşqçisi İntiqam Ələkbərov (M3, -100 kq) və Zülfiyyə Hüseynova (F5, -70 kq) qazandırıb.
M7 yaş kateqoriyası üzrə -90 kq çəkidə mübarizə aparan Nazim Əliyev isə beşinci yerlə kifayətlənib.
Beləliklə, çempionatı 4 medalla başa vuran komandamız ümumi medal sıralamasında 12-ci yeri tutub.
Qeyd edək ki, yarışda iştirak edən idmançılarımız Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü “Judo Club 2012” idman klubunun təsisçisi, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı olan Azər Əsgərovun prezidenti olduğu Azərbaycan Cüdo Veteranları Assosiasiyasının üzvləridir. Onu da qeyd edək ki, Azərbaycanın veteran cüdoçuları uzun illərdir ki, üçrəngli bayrağımızı dünyanın müxtəlif ölkələrində dalğalandırıb, himnimizi səsləndirirlər.
Xatırladaq ki, Azərbaycan Cüdo Veteranları Assosiasiyanın prezidenti Azər Əsgərov sonuncu dəfə ötən il Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən usta cüdoçular arasında dünya çempionatında M6 yaş kateqoriyası üzrə +100 kq çəki dərəcəsində qızıl medala layiq görülmüşdü.