Usta cüdoçularımızın növbəti parlaq zəfəri

12.jpg

 

Komandamız Sloveniyada Avropa çempionu adını qazandı

     Usta cüdoçular arasında keçirilən növbəti Avropa çempionatı Azərbaycan  komandasının  parlaq zəfəri ilə yadda qalıb. Yığmamız dörd gün davam edən yarışda 12 medal qazanıb. Çempionatın sonuncu günü komandamız üçün daha əlamətdar olub. Belə ki, 10 qat dünya, 9 qat Avropa çempionu Fərhad Rəcəblinin baş məşqçisi olduğu kişilərdən ibarət komandamız 30 yaşa qədər cüdoçular arasında Avropa çempionu olub. Veteranlarımız ilk görüşdə və yarımfinalda cüdoda zəngin ənənələri ilə fərqlənən Fransa komandalarını mübarizədən kənarlaşdırıblar. Həlledici görüşdə güclü Belçika yığmasına da 3:1 hesabı ilə üstün gələn cüdoçularımız çempionatın kubokuna və qızıl medallarına sahib çıxıblar.

Qeyd edək ki, yarışın ilk üç günündə keçirilən fərdi yarışlarda usta cüdoçularımız 4 qızıl, 2 gümüş və 5 bürünc medal əldə ediblər.

Komandamıza qızıl medalları Babək Hacıyev (M4, -60), Vüqar Budaqov (M4, -73 kq), Zülfüqar Hüseynov (M3, -81 kq) və Fərhad Rəcəbli (M7, -90 kq) qazandırıblar. Rəşid Şəmizadə (M1, -66 kq) və Vasif İbrahimov (M2, +100 kq) gümüş, Vüqar Babayev (M2, -66 kq), Məmməd Məmmədov (M1, -73 kq), Qurban Məmmədli (M1, +100 kq), Ruslan Əliyev (M2, +100 kq) və Qabil Qasımov (M6, +100 kq) isə bürünc medallara layiq görülüblər.

Xatırladaq ki, Avropa çempionatında böyük uğura nail olan usta  cüdoçularımız yarışa paytaxtımızın ən müasir idman klublarından olan “Judo Club 2012”də hazırlaşıblar. Klubun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı olan Azər Əsgərovun da adı  çempionatda iştirak edəcək idmançıların siyahısına daxil edilsə da, son anda müəyyən səbəblərə görə o, yarışa gedə bilməyib. Lakin cüdoçularımızın çempionatda uğurlu çıxışı və parlaq qələbəsi üçün lazımi dəstək göstərib.

Komandamızın qələbəsini yüksək dəyərləndirəm “Judo Club 2012”nin direktoru Mübariz Cəfərov deyib ki, veteran idmançılar üçün hərtərəfli şərait yaradılıb. Onlar müntəzəm olaraq burada məşq edir, yarışlara hazırlaşırlar.

Qeyd edək ki, 37 ölkədən 657 idmançının iştirak etdiyi yarışda Azərbaycan komandası 35 cüdoçu ilə təmsil olunub. Veteranlarımızın Avropa çempionatında qazandığı bu nailiyyəti “Judo Club 2012”nin də növbəti uğuru hesab etmək olar. “Judo Club 2012” ailəsi olaraq, Azərbaycan komandasının qələbəsi ilə fəxr edir, cüdoçularımıza qarşıdakı yarışlarda uğurlar arzulayırıq!

 

Oxunma sayı: 920 2023-06-12 10:50:09