Xorvatiyada Azərbaycan himni səsləndi - “Judo Club 2012”dən qürurverici zəfər

9.jpg

 

     Xorvatiyanın Dubrovnik şəhərində böyüklər arasında keçirilən cüdo üzrə Avropa Kuboku Azərbaycan cüdoçuları üçün uğurla yekunlaşıb. Yarışın ikinci günü xüsusilə “Judo Club 2012” klubunun nümayəndələrinin parlaq çıxışı ilə yadda qalıb.
Klubun tanınmış idmançısı Murad Fətiyev -90 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək qızıl medalın sahibi olub. O, final qarşılaşmasında Tokio Olimpiadasının gümüş mükafatçısı, almaniyalı Eduard Trippeli məğlub edərək yarışın ən yaddaqalan nəticələrindən birinə imza atıb. M.Fətiyevin bu möhtəşəm qələbəsi həm şəxsi karyerası, həm də “Judo Club 2012” üçün böyük nailiyyət hesab olunur.
“Judo Club 2012”nin digər uğuru isə qadınların mübarizəsində -57 kq çəki dərəcəsində çıxış edən Fidan Əlizadədən gəlib. Klubun perspektivli idmançısı dörd görüşün hər birində rəqiblərinə heç bir şans verməyərək Avropa Kubokunun qalibi adını qazanıb. 
Yekunda Azərbaycan milli komandası 3 qızıl, 2 gümüş və 3 bürünc medalla 39 ölkə arasında Avropa Kubokunun qalibi olub. 
Bu uğurun formalaşmasında “Judo Club 2012”nin yetirmələrinin də mühüm payı var. Klubun idmançıları beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edərək Azərbaycan cüdosunun gücünü bir daha nümayiş etdiriblər.
Qeyd edək ki, yarışda “Judo Club 2012”nin üzvləri ilə yanaşı, milli komandamızın digər üzvlərindən Aydan Vəliyeva qızıl, Kərim Allahverdiyevlə (-81 kq), Gültac Məmmədəliyeva (-52 kq) gümüş, Kamran Süleymanov (-73 kq), Vüqar Talıbov(-90 kq) və Nərmin Əmirli (-78 kq) isə bürünc medala sahib olub.

Oxunma sayı: 78 2025-04-07 11:10:11