"Judo Club 2012"nin yeniyetmə qızları ACF Kubokunun üçüncü turunda 2 bürünc medal qazanıblar.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən 18 yaşa qədər yeniyetmə qızlar arasında yarışda klubun üzvlərindən Pəri Məmmədli (-63 kq) və Aysu Quliyeva (+70 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Qeyd edək ki, turnirdə 8 çəki dərəcəsində 42 klub, cəmiyyət və idman təşkilatından olan 162 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Xatırladaq ki, bir müddət əvvəl tanınmış idmançı, ikiqat Avropa çempionu yeddiqat Avropa, ikiqat dünya mükafatçısı, beynəlxalq turnirlərin qalib və mükafatçısı, ikiqat Olimpiya iştirakçısı Kifayət Qasımova klubun cüdo üzrə qadınlardan ibarət komandasının baş məşqçisi təyin edilib.
Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biri olan qızlar arasında cüdo idman növünün kütləviləşməsinə dəstək məqsədi ilə “Judo Club 2012”də qızlar üçün cüdo dərsləri təmənnasız olaraq keçirilir.