Zelim Kotsoyev: "Azərbaycan xalqı məndən bu qalibiyyəti gözləyirdi"

0.jfif

 

     "Avropa və dünya çempionluğundan sonra növbəti hədəfim Olimpiya qızılını qazanmaq idi”.

Bu sözləri Paris Yay Olimpiya Oyunlarında ölkəmizə qızıl medal qazandıran “Judo Club 2012”nin cüdoçusu Zelim Kotsoyev qələbə sevincini bölüşərkən deyib.

Ən böyük təbrikini Azərbaycan Prezidenti cənab İlham Əliyevdən aldığını deyən Zelim Kotsoyev bu medalı idmançı karyerasında əldə etdiyi ən böyük nailiyyət kimi qiymətləndirib:

"Həmin yarışlarda əldə etdiyim nailiyyətlər məni daha da ruhlandırmışdı. Sevinirəm ki, Hidayət Heydərovdan sonra növbəti dəfə Azərbaycan bayrağını Fransada dalğlandırmaq mənə də nəsib oldu. Çəkdiyimiz əziyyət hədər getmədi. Bu işdə hər kəsin zəhməti var. Həm Azərbaycan Cüdo Federasiyası, həm də məşqçilərimiz çox çalışdılar. Bu gün səhər yuxudan oyananda özümü çox gümrah hiss edirdim. Qızıl medal qazanmağımda Hidayət Heydərovun çempion olması da təkan rolunu oynadı. Onun uğuru məni qələbəyə köklədi. Hidayət bütün gün zalda mənimlə bərabər olub, öz dəstəyini göstərib. Final görüşünün sonlarında məğlubiyyətlə barışmaq istəmirdim. Çalışırdım ki, rəqib idmançı səhvə yol versin və bu, baş verdi. Ən böyük təbriki isə ölkə başçısı cənab İlham Əliyevdən aldım. Azərbaycan xalqı məndən bu qalibiyyəti gözləyirdi. Əgər onları sevindirə bildimsə, onlara qələbə həyəcanı yaşada bildimsə, buna görə  özümü çox xoşbəxt hesab edirəm. Fürsətdən istifadə edib, bu arenada məni dəstəkləyənlərə də öz təşükkürümü bildirirəm",  - deyə Zelim Kotsoyev qeyd edib.  

Oxunma sayı: 258 2024-08-01 23:42:28