Azərbaycan cüdo ailəsi yenə böyük sevinc və qürur hissi yaşayır. Biz – “Judo Club 2012” komandası isə ikiqat sevincliyik! Klubumuzun üzvü, ən istedadlı idmançılarımızdan olan Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçirilən dünya çempionatında -100 kq çəki dərəcəsində qızıl medal medal qazanaraq bu mötəbər yarışda yenidən Azərbaycan bayrağının qaldırılmasına, Dövlət Himnimizin səsləndirilməsinə nail olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu möhtəşəm qələbə münasibətilə Zelimi təbrik edib. Mehriban xanıma təşəkkür edirik. Məhz idmana dövlət qayğısı, xüsusən də, cənab Prezident İlham Əliyevin bu sahənin inkişafına hər cür şərait yaratması ölkə idmançılarını böyük nailiyyətlər qazanmağa ruhlandırır.
Zelimin dünya çempionatında yüksək əzmkarlıq, mənəvi-psixoloji hazırlıq nümayiş etdirdiyini xüsusi vurğulamaq istərdim. Finala doğru yolda o, dünyanın ən güclü cüdoçularını məğlub etməyi bacardı. Heç birinin ad-sanından, şöhrətindən çəkinmədən, cəngavər kimi döyüşdü və qalib gəldi.
Zelim Kotsoyev Paris-2024 Yay Olimpiya Oyunlarına öz çəki dərəcəsininin reytinq cədvəlinin lideri kimi gedəcək və inanırıq ki, Olimpiada da uğurla çıxış edəcək.
Mən idmançımızı da, onun qələbələrində xüsusi rolu olan əziz dostum, 11 il əvvəl dünya çempionluğunu qazanmaqla adını Azərbaycan cüdo tarixinin qızıl səhifəsinə yazdırmış Elxan Məmmədovu da ürəkdən təbrik edirəm!
Zelim, biz səninlə fəxr edir, yeni qələbələrini gözləyirik!
Azər Əsgərov