Usta cüdoçularımızdan daha 4 medal

4.jpg

 

     Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən veteranlar arasında dünya çempionatı davam edir. Azərbaycanın usta cüdoçulardan ibarət komandası ikinci yarış günündə daha 4  medal qazanmağa müvəffəq olub. Yarışa hazırlığını “Judo Club 2012” idman klubunda keçən komandamızın üzvlərindən Qurban Məmmədli (M1, +100 kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıb. Mübarizəyə 1/4 finaldan başlayan cüdoçumuz qazaxıstanlı Dastan Baktbaya və braziliyalı Felipe Martinə qalib gəlib. Həlledici görüşdə gürcüstanlı Slavik Rezesidzeyə məğlub olan Qurban Məmmədli ikinci ikinci yerlə kifayətlənib.

Komandamızın heyətində Elçin Mayılov (M3, -66 kq), Zülfüqar Hüseynov (M3, -81 kq) və Nizami Məmmədov (M3, -100 kq) isə çempionatı bürünc medalla başa vurub.

Xatırladaq ki, ilk yarış günündə komandamızın heyətində Azərbaycan cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı, “Judo Club 2012”  İctimai Birliyinin sədri Azər Əsgərov (M6, +100 kq) və kamandamızın kapitanı Fərhad Rəcəbli (M7, -90 kq) qızıl, Arif Qasımov (M8, -100 kq) isə bürünc medal əldə edib. 

Hazırda komandamızın aktivində 2 qızıl, 1 gümüş və 4 bürünc medal var.

Qeyd edək ki, noyabrın 3-dək davam edəcək dünya çempionatında 63 ölkəni təmsil edən 994 (870 kişi, 124 qadın) cüdoçu mübarizə aparır. Komandamız yarışlarda yığmamızın kapitanı Fərhad Rəcəblinin rəhbərliyi altında 46 (45 kişi, 1 qadın) idmançı ilə təmsil olunur.

 

Oxunma sayı: 430 2023-11-01 21:06:03